SUSMAQ HƏQİQƏTƏN QIZIL İMİŞ...
Yadımdadır, vaxtilə bir olay mənə çox təsir etmişdi. İranda bir istedadlı rejissoru həbs etmişdilər. Yox, hansısa ictimai fəalın İranda həbs edilməsi mənim üçün təəccüblü deyildi. Məni sarsıdan bu idi ki, həbs etməklə yanaşı ona uzun müddət film çəkməyi, yaradıcı işlə məşğul olmağı da yasaq etmişdilər.
...mənə elə gəlirdi ki, yaradıcı insana yaratmağı yasaq etməkdən ağır cəza olmaz.
O vaxt bunu az qala öz dərdimə çevirmişdim. Çünki mənə elə gəlirdi ki, yaradıcı insana yaratmağı yasaq etməkdən ağır cəza olmaz.
Amma indi Azərbaycana baxıb görürəm ki, əslində heç də belə deyilmiş – əsl yaradıcılıqdan imtina edən nə qədər desən yaradıcı insanlar var və onlar bundan elə bir diskomfort da duymurlar.
1993-cü ildən başlayaraq, yenidən, Azərbaycanda insanlara yazmağın yox, yazmamağın, danışmağın yox, danışmamağın, çəkməyin yox, çəkməməyin müqabilində fəxri adlar və mükafatlar verməyə başladılar. “Susmaq qızıldır!” söhbəti adi bir zərb-məsəldən sənət və mədəniyyət kredosuna çevrildi.
Ən qəribəsi isə odur ki, Azərbaycanın yaradıcı insanları bunu məmnuniyyətlə qəbul etdilər və elə indiyə qədər də edirlər.
Buna da bax: Ermənilərin Bakı sevgisi
Düzdür, rəsmi söhbətlərdə iddia edirlər ki, sovetlərin vaxtından fərqli olaraq Azərbaycanda artıq yaradıcı fəaliyyət üçün yasaq yoxdur. Amma səmimi, geniş auditoriya üçün nəzərdə tutulmayan söhbətlərdə həmin jurnalistlərin, yazıçıların və rejissorların, necə deyərlər, dillərinin qıfılı açılır. Bəlli olur ki, heç də belə deyil, indi yazmaq da, danışmaq da, çəkmək də əvvəlkindən qat-qat çətindir...
“SAKİT DON” BİR DƏFƏ YAZILIR...
Bu günlərdə çox böyük təntənə ilə televiziya və radio işçilərinin bayramını qeyd etdilər. Təmtəraqlı ziyafətlər də oldu, təltiflər də, qəbullar da.
Amma Azərbaycanın tele-radio məkanı hansı vəziyyətdədir? Düşünürəm ki, bunu xüsusilə təsvir etməyə ehtiyac yoxdur, hər şey göz önündədir.
Bu gün durub Azərbaycanın hətta sovetlər vaxtında belə oxunmayan, zorla məktəblilərin və tələbələrin beyninə “yeridilən” yazıçı və şairlərini təbliğ-təşviq etməyin nə mənası var?..
Ölkədə demək olar ki, müstəqil televiziya və radio yoxdur. Onların çoxu formal olaraq müstəqil olsa da, reallıqda hakimiyyətin ciddi nəzarəti altındadır.
İnanın, Türkiyənin, hətta Rusiyanın telekanalları olmasaydı adamın lap ürəyi partlayardı. Televiziyalar bütün günü siyasi mədhiyyələrlə məşğul olur və bundan macal tapanda da başlayırlar sovet dövrünün sönük, maraqsız, bu gün gülməli görünən filmlərini göstərməyə, sovet dövrünün “böyük” ədəbiyyat və ya sənət adamları haqqında “verilişlər” verməyə.
Bilirsiniz, inqilabdan, sovetləşmədən, hətta kolxoz quruculuğundan da dahiyanə əsər yazmaq olar. Necə ki, vaxtilə Nikolay Ostrovski ya Mixail Şoloxov yazmışdı...
Amma “Sakit Don” bir dəfə yazılır, Şoloxov da bir dəfə gəlir dünyaya... Bu gün durub Azərbaycanın hətta sovetlər vaxtında belə oxunmayan, zorla məktəblilərin və tələbələrin beyninə “yeridilən” yazıçı və şairlərini təbliğ-təşviq etməyin nə mənası var?..
KİÇİK QEYBƏT MƏKANI...
Hətta bu da hələ hamısı deyildir. Televiziya və radiolar beş-üç müğənninin qeybət məkanına çevrilib – adını da “şoubiznes” qoyublar... Hara baxırsan, nə vaxt baxırsan, musiqi verilişləridir. Ən əsası da odur ki, belə “musiqi” verlişlərinin sayı artdıqca insanların musiqi zövqü aşınır və əsl musiqi tamam yaddan çıxır.
Adam ağıllı söz eşitmək, bir maraqlı görüntü görmək, yeni səslər dinləmək istəyir. Amma yoxdur bunlar...
Düzdür, bunu guya muğamla “kompensasiya” etməyə çalışrılar. Amma muğama da nə qədər qulaq asmaq olar?
Adam ağıllı söz eşitmək, bir maraqlı görüntü görmək, yeni səslər dinləmək istəyir. Amma yoxdur bunlar... Əvəzində isə sovetləşmə və bayağılaşma marafonu var.
Ən dəhşətlisi isə budur ki, tele-radio jurnalistikası öldükcə, ümumiyyətlə, media insanların həyatından çəkildikcə təriflərin də sayı durmadan artır: elə hey bizim jurnalistikanı, bizim televiziyaları və radioları tərif edirlər... Burada adamın yadına bir müdrik kəlam düşür: “kiminsə evini yıxmaq istəyirsənsə, onu gecə-gündüz təriflə”.
İSTEDADLILAR VAR, CƏSARƏTLİLƏR YOXDUR...
Yazının əvvəlini, ümumiyyətlə, yaradıcılıqdan və yaradıcı insandan başladım. Düşünürdüm ki, elə bu raksursda da davam edəcəm. Amma tele-radio juranlistikasının acı durumu uzaqlara apardı məni...
Azərbaycanda istedadlı insanlar çoxdur. Həm jurnalistikada, həm teatr və kinoda, ümumiyyətlət, sənətdə nə qədər desən, istedad var.
“Allah xatirinə, məni bu məsələlərə qatmayın, mən siyasət adamı deyiləm!”...
Azərbaycanın dərdi başqadır – cəsarətli, qorxmaz insanlar çox azdır...
Jurnalistika elə işdir ki, bilavasitə özün müsahibələr götürməsən də, söhbətlərdə iştirak etməsən də bəzi detalları müşahidə edə bilirsən.
Bu mənada bizim sənət və mədəniyyət adamlarını müşahidə etməyin ayrı ləzzəti var. Dəfələrlə görmüşəm ki, jurnalistlər yazıçıları, rejissorları və sənət adamlarını söhbət zamanı bir azacıq ictimai-siyasi mövzulara çəkməyə cəhd ediblər.
Kaş görəydiniz ki, həmin sənət və mədəniyyət adamları belə məqamlarda necə yazıq görkəm alırdılar! Onların üzündən yalnız bir yalvarışı oxumaq olurdu: “Allah xatirinə, məni bu məsələlərə qatmayın, mən siyasət adamı deyiləm!”...
TƏVAZÖKAR SİYASƏT ADAMLARI...
Bu “siyasət adamı deyiləm” sözləri məni həmişə maraqlandırıb. İnanın, sənət adamları bir tərəfə, deputataların bəlkə yarısı deyər ki, bəs mən də siyasət adamı deyiləm.
Elə “siyasət adamı” olmaya-olmaya parlamentdə oturan sənət adamları da az olmayıb. Onların hərəkətinə, danışığına, hakimiyyətlə necə davranmasına, çətin vəziyyətlərdən necə çıxmasına baxanda adam məəttəl qalır. Onlara demək istəyirsən ki, əşi, özündən heç bədgüman olma, sən əməlli-başlı siyasətçisən!
Sadəcə, bu, bir az başqa siyasətdir və necə deyərlər, azərbaycansayağı, Azərbaycan gerçəkliyinə uyğun siyasətdir.
Burada siyasət deyəndə nəyin bahasına olursa-olsun siyasətin burulğanında batmamağı, lap Rusiya küknarı kimi həmişəyaşıl qalmağı başa düşürlər. Bunu isə Azərbaycanın sənət və mədəniyyət adamları hamıdan yaxşı bacarırlar...