Bir tanış ailə var. 3-cü nəsildir ki, Moskvada yaşayırlar. Çox varlıdırlar və bununla dəhşətli dərəcədə fəxr edirlər. Varlı deyəndə, rəsmən milyonçudur ailə. Bir dəfə Moskavada olanda, hardansa eşidib, məni qonaq dəvət etmişdilər. Ailənin qızı 4-5 dil bilir, oğul - müstəntiq, ana - biznes ledidir, amma söhbətlər təxminən bu istigamətdə davam edirdi: filan toyda filan azərbaycanlınını qızı siqaret çəkirdi, filan işdən filan qədər pul götürmək olar, daha nə bilim nələr.
Darıxdım, dedim ki, zəng eləməliyəm.
Telefonu söndürəndə, gördüm hamısı heyrətlə baxır. Soruşdular ki, sən o qadını hardan tanıyırsan, onunla əlaqəni necə qurmusan.
Bakıda tanış olduğum və çox isti münasibətimiz yaranan bir rus şairə xanıma zəng elədim. Danışdıq, qadın dedi ki, evdə gözləyirəm, gəl. Telefonu söndürəndə, gördüm hamısı heyrətlə baxır. Soruşdular ki, sən o qadını hardan tanıyırsan, onunla əlaqəni necə qurmusan.
Dedim, Bakıya gəlmişdi, mədəni tədbirlərin birində tanış olduq, münasibətimiz yarandı. Amma onu tanımağım sizə niyə belə təəccüblü gəlir ki? Siz də onunla ya başqa rus yazıçıları ilə tədbirlərdə, teatrda, nə bilim müxtəlif tədbirlərdə tanış ola bilərsiniz də.
Ailə başladı ki, ruslar çox millətçidir, bizi öz aralarına qəbul eləmirlər. Nə yazıçı mühitinə, nə başqa mədəniyyət sahələrinə azərbaycanlıları buraxmırlar. Dedim, birincisi sizi heç yana buraxmırlarsa, necə olur, beş növ biznes işlədib, milyonlar qazana bilirsiniz. Ikincisi də, siz teatra, kinoya, film festivallarına, açıq ya biletli tədbirlərə gedirsiz, yoxsa?... Dedilər, getmirik. Dedim, yaxşı, sizi mədəniyyət sahələrinə yazar, rejissor, aktyor kimi buraxmırlar, amma teatra tamaşaçı kimi buraxırlar axı, niyə getmirsiz teatra?... Şərfinin qiyməti 500 dollar olan qadın dedi ki, teatra bir bilet 200 dollardı, nə işimiz var orda. Minbir zülümlə pul qazanırıq ki, onu aparıb mütrüblərə verək?
Şərfinin qiyməti 500 dollar olan qadın dedi ki, teatra bir bilet 200 dollardı, nə işimiz var orda.
Məsələ aydın oldu. Varidatı milyonlarla ölçülən bu ailə ədəbiyyatın, teatrın, kinonun, konseptual incəsənətin qaynadığı Moskvada mədəni anlamda göysatan həyatı yaşayırdı. Onların bu şəhərin mədəni həyatına yaxından-uzaqdan heç bir aidiyyatı yox idi.
Soydaşlarımızın yaşadıqları şəhərin mədəni-ictimai həyatına yadlığının, ondan tamam uzaqlaşdığının ikinci dəfə şahidi Tbilisidə oldum. Yaşadığım iki il ərzində gürcülərin, qastrola gələn incəsənət xadimlərinin konsertləri, QHT-lərin tədbirləri bir yana, orda yaşayan müasir azərbaycanlıların tədbirlərinə də gələn azərbaycanlıları görə bilmədim. Hətta bir dəfə maestro Elmir Mirzəyevlə musiqi-poeziya gecəsi təşkil elədik, dəvət elədiyim 30 nəfər yerli azərbaycanlıdan 3 nəfər gəldi, amma dəvət elədiyimiz 10 gürcünün 10-u da gəldi. Hələ bir fəlsəfə tələbəsi olan qız Facebook-da görüb, gəlmişdi.
Hələ elə yerli azərbaycanlılar vardı ki, Tbilisinin kənar rayonlarında yaşayırdılar, amma dediklərinə görə, ömürlərində mərkəzi Rustaveli küçəsində olmayıblar. Sadəcə dəhşətdir.
Niyə 30 il Rusiyada yaşayıb qayıdan azərbaycanlı ailə burada rahat yaşayır və Rusiyada yaşadığı şəhəri heç yadına da salmır.
İllərdir, düşünürdüm ki, niyə İrəvandan gələn bir azərbaycanlıdan oralar üçün darıxdığını, İrəvanın necə şəhər olduğu barədə söhbətlər eşitmirəm. Niyə Gürcüstandan gələn o qədər tələbə yoldaşımın arasında bir nəfər özünü Tiflisli, Borjomili kimi təqdim etmir, oralardan danışmırdı. Niyə 30 il Rusiyada yaşayıb qayıdan azərbaycanlı ailə burada rahat yaşayır və Rusiyada yaşadığı şəhəri heç yadına da salmır.
Amma tanıdığım bütün Bakı erməniləri azərbaycanlı olduğumu bilən kimi, Bakıdan, Bakının gözəlliyindən, bu şəhər üçün necə darıxdıqlarından, ölmədən əvvəl Bakını görmək istəmələrindən gözləri yaşara-yaşara danışıblar. Hamısını Bakıya dönməkdən saxlayan tək səbəb sadəcə bunun qeyri-mümkünlüyüdür.
Ermənilər bu mənada Bakının bir parçası idilər, onlar Bakının həyatına qaynayıb-qarışmış, hopmuşdular. Onlar özlərini Bakılı kimi hiss edirdilər.
Səbəb sadədir. Insanlar mədəni, ictimai, siyasi həyatına, ovqatına, ruhuna qaynayıb-qarışdığı şəhəri sevirlər. Ermənilər bu mənada Bakının bir parçası idilər, onlar Bakının həyatına qaynayıb-qarışmış, hopmuşdular. Onlar özlərini Bakılı kimi hiss edirdilər. Ermənilər hər yerdə idi - vəzifədə, incəsənətdə, sənətkarlıqda, xidmət sektorunda. Amma harda olmalarından asılı olmayaraq, onlar yaşadıqları şəhərin bir parçası idilər.
Bizimkilər isə zəlzələdən ya vəlvələdən nəsillərlə yaşadıqları diyarlarda oralı ola bilmirlər. Pul qazana bilir, “vorzakon” ola bilir, oraların qadınları ilə evlənə bilirlər, amma mədəni həyatlarına qarışmır, yaşadıqları şəhərin ruhuna, ovqatına hopmurlar.
Indi mən Bakı həsrəti çəkdiyi üçün Azərbaycan tərəfə keçən ermənilərin səmimiyyətinə inanıram. Onların indi pislədikləri Sərkisyan rejimi ilə burdakı rejim arasında fərq yoxdur. Amma bura gəlmək, burada yaşamaq arzuları inandırıcı və anlaşılandır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.