Keçid linkləri

Təcili xəbərlər

Dünyanın biri-birinə bənzəyən hakimiyyətləri...


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili (sağda) və keçmiş baş nazir Bidzina Ivanişvili (solda). Tbilisi, Oktyabr 2012.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili (sağda) və keçmiş baş nazir Bidzina Ivanişvili (solda). Tbilisi, Oktyabr 2012.

“GÜRCÜ ARZUSU” NİYƏ MÜKAFATLANDIRILDI?

Hamı böyük hakimiyyətə can atır. Hamı böyük səlahiyyətlər istəyir... Dəfələrlə yazmışam ki, əslində dünyanın bütün hakimiyyətləri və siyasətçiləri biri-birinə bənzəyirlər, fərqlənən və biri-birinə oxşamayan isə sadəcə, cəmiyyətlərdir...

Dünyanın bəlkə də bütün siyasətçilərini bir ümumi cəhət birləşdirir: onlar hamısı böyük hakimiyyəti sevirlər...

Dünyanın bəlkə də bütün siyasətçilərini bir ümumi cəhət birləşdirir: onlar hamısı böyük hakimiyyəti sevirlər... Qərəz, Gürcüstandakı seçki marafonu başa çatandan və “Gürcü arzusu” bloku parlamentdə çoxluq qazanandan sonra ağlıma gələn məhz bu oldu.

Həm də düşündüm ki, əcəba, görən “Gürcü arzusu” bloku belə bir qələbəyə görə kimə minnətdar olmalıdır? Görən, orta statistik gürcü seçicisi hakim siyasi koalisiyanı hansı xidmətinə görə mükafatlandırdı?

Bu blokun siyasi səhnəyə çıxmasını çox yaxşı xatırlayıram. Onu da çox yaxşı xatırlayıram ki, “Gürcü arzusu” bir vaxtlar seçicilərə verdiyi vədlərin heç birini yerinə yetirmədi: nə sovet vaxtından qalmış zavod və fabriklər işə düşdü, nə də Rusiya ilə münasibətlər yoluna qoyuldu.

Buna da bax: Gürcüstanın hakim partiyası öz konstitusion çoxluğundan cəmiyyətin, yoxsa öz maraqları üçün istifadə edəcək?

Rusiya ilə münasibətlər hələ də gərgin olaraq qalır. Üstəlik, Bidzina İvanişvilinin “xaç ata”lığı etdiyi “Gürcü arzusu” əslində Mixail Saakaşvilinin yürütdüyü xarici siyasətə elə də ciddi korrektələr etmədi. Bu gün də Qərbə, xüsusən də Avropa Birliyinə və NATO-ya inteqrasiya Gürcüstan üçün əsas siyasi prioritet olaraq qalır. Düzdür, indi hakimiyyət təmsilçiləri daha ölçülüb-biçilmiş bəyanatlar verir, Saakaşvili vaxtından fərqli olaraq öz ritorikalarına və siyasi fantaziyalarına elə də meydan vermirlər.

SAAKAŞVİLİNİN ETDİKLƏRİ...

Zavodların və fabriklərin açılmamasını dedim... Ümumiyyətlə, ölkə iqtisadiyyatı hələ də ciddi problemlər yaşayır. Düzdür, turizm sektoru durmadan inkişaf edir və hər il Gürcüstana səfər edən turistlərin sayı durmadan artır. Amma bunları tamamilə “Gürcü arzusu”nun aktivinə yazmaq da düzgün olmazdı...

Keçmiş prezident Abxaziyanı və Cənubi Osetiyanı çıxmaq şərtilə, bütün ölkədə vahid hüquqi və iqtisadi müstəvi formalaşdıra bildi.

Bəlkə də burada Saakşavili hakimiyyətinin etdikləri daha çoxdur, nəinki indiki hakimiyyətin. Keçmiş prezident Abxaziyanı və Cənubi Osetiyanı çıxmaq şərtilə, bütün ölkədə vahid hüquqi və iqtisadi müstəvi formalaşdıra bildi.

Korrupsiyanın ciddi şəkildə məhdudlaşdırılması bir tərəfə, Saakaşvili hakimiyyətə gələrkən gürcülərin özləri deyirdilər ki, Gürcüstan prezidentinin hakimiyyəti Tiflisdən o yana keçmir. Hətta Acarıstan belə mərkəzi hakimiyyətin nəzarətindən çıxmışdı. Ona görə də bütün səhv və mənfilikləri ilə bahəm Saakaşvilinin bir xidmətini qeyd etmək lazım gəlir – bu adam Gürcüstanda qismən də olsa, mərkəzləşdirilmiş idarəetmə sistemi yarada bildi.

AMMA İNSANLAR MİXAİLİN QAYITMASINI DA İSTƏMİR...

Di gəl, indi böyük əksəriyyət “Gürcü arzusu” hansı xidmətinə görə seçkidə qələbə çaldı?” sualına “İnsanlar Saakaşvili hakimiyyətinin bir daha qayıtmasını istəmir” – deyə cavab verirlər.

Bu məsələnin doğru-düzgünlüyünə qətiyyən varmaq istəmirik. Kimə necə münasibət bəsləmək, hakimiyyətdə kimi görmək istəmək gürcü seçicisinin, necə deyərlər, suveren hüququdur.

Sadəcə, bir suala cavab verməyə çalışaq: “Görən, “Gürcü arzusu” özünün hakimiyyət resurslarını daha çox hansı problemlərin həllinə yönəldəcək?”..

Bəlkə də bu minvalla indiki prezident Margvelaşvili ümumxalq səsverməsilə seçilən sonuncu prezident olacaq.

Son vaxtlar Gürcüstanda prezident Giorgi Margvelaşvili ilə hakimiyyətin “xaç atası” Bidzina İvanişvili arasında çox ciddi problemlər yaşanırdı.

“Gürcü arzusu” bloku prezident seçmək səlahiyyətini parlamentə qaytarmaq və bununla da gələcək prezidentlərin siyasi ambisiyalarını ciddi şəkildə məhdudlaşdırmaq istəyir. Bəlkə də bu minvalla indiki prezident Margvelaşvili ümumxalq səsverməsilə seçilən sonuncu prezident olacaq.

Burada bir detalı da qeyd etmək lazımdır. Gürcüstanda səlahiyyətlərin daha çox baş nazirə ötürülməsi də Saakaşvilinin “xidməti” sayıla bilər. Məsələ bundadır ki, iki dəfə prezident olandan sonra M.Saakaşvili siyasi fəaliyyətini baş nazir kimi davam etdirmək fikrində idi. Amma gəl, seçkidə uduzması ona planını gerçəkləşdirməyə imkan vermədi...

Buna da bax: Devalvasiya ilə çarpışmada

İndi “Gürcü arzusu” baş nazirin səlahiyyətlərinə toxunmamaqla, hətta onları bir az da artırmaqla prezidenti “kiçiltməyə” çalışacaq.

Ona görə də bir daha deyirəm ki, parlamentdə çoxluq onlara daha çox özlərinin siyasi çəkilərini bir az da artırmaq və daha çox öz problemlərini həll etmək üçün lazımdır.

TƏK GÜRCÜSTANDAMI BELƏDİR?..

Əvvəldə dedim ki, dünyada hakimiyyətlər və siyasətçilər deyil, daha çox cəmiyyətlər fərqlənir. Ona görə də “Niyə görə bir ölkə digərindən daha çox demokratikdir?” sualına sadəcə, “Cəmiyyətlər fərqlidir” – deyə cavab verməklə kifayətlənmək olar...

Elə götürək, bölgənin daha bir ölkəsini, məsələn, Türkiyəni... Recep Tayyip Ərdoğan hakimiyyətinə parlament çoxluğu nəyə lazım idi?

Bu aspektdən yanaşanda elə “Gürcü arzusu” da nə dünyada, nə də bölgədə heç də birinci deyil.

Elə götürək, bölgənin daha bir ölkəsini, məsələn, Türkiyəni... Recep Tayyip Ərdoğan hakimiyyətinə parlament çoxluğu nəyə lazım idi? Heç sirr deyil ki, bu, ona konstitusiyaya dəyişikliklər etmək üçün lazımdır... Düzdür, Türkiyədə bir qədər əks proses baş verir və bu ölkə prezidenti “kiçiltməyi” deyil, əksinə onu “böyütməyi” nəzərdə tutur.

Amma bütün hallarda motiv birdir. Türkiyəyə güclü prezident ona görə lazımdır ki, buna cəhd edən Ərdoğanın özü hazırda prezidentdir...

Gürcüstana zəif prezident ona görə lazım gəlir ki, bu halda İvanişviliyə hakimiyyətdə təmsil olunmadan ölkəni idarə etmək daha asan olacaq...

ÇÖRƏK OLACAQMI?..

Bütün hallarda isə günün daha bir aktual sualı var: “Çörək olacaqmı?”... Təbii, kiçik Gürcüstanın Qərbə inteqrasiya olunmaq əzminə həsəd aparmaq və bunu təqdir etmək lazım gəlir. Ümid edirik ki, Qərb də nə vaxtsa onun istəyinə adekvat cavab verəcək...

Amma insanlar həmişə siyasətdən real və konkret nəticələr umurlar. Sadə Gürcüstan insanına nə lazımdır? Təbii ki, iş, rifah və bir də ölkənin bütünlüyü...

Fəqət, bütün bunlar üçün hələ çox çalışmaq lazım gələcək. Elə bilməyin ki, bir-iki seçki müddətində bütün problemlər həll olunacaq – belə düşünmək böyük sadəlövhlük olardı...

Həyatsa davam edir və indi Gürcüstan üçün başqa bir məsələ də heç də az aktuallıq kəsb etmir.

Böyük hakimiyyətlər həmişə korlanmağa və daha çox böyüməyə meylli olurlar. Elə etmək lazımdır ki, “Gürcü arzusu” bloku parlamentdəki çoxluğunu ölkədə demokratiyanın və parlamentarizmin “budanma”sına sərf etməsin. O halda Gürcüstan Qafqazın ən demokratik ölkəsi statusunu itirərək dönüb lap Azərbaycana olar...

Ən son yazılan

XS
SM
MD
LG