O ƏJDAHADAN BİZDƏ NİYƏ YOXDUR?
Ondan başlayaq ki, dünyada baş verən demokratik proseslər, xüsusən də ABŞ-dakı prezident seçkiləri – bu prosesin gedişindəki aşkarlıq və maraqlı məqamlar Azərbaycanda təkcə demokratiya tərəfdarlarını düşündürmür.
Hərçənd, bu adamların həmin prosesdən aldığı müsbət impulsu və həsədi hətta sözlə ifadə etmək olmur. İnsanlar okeanın o biri tərəfində baş verən seçki olaylarını qibtə ilə seyr edir və məşhur filmdəki kimi, özlərinə sual verirlər: “Axı o əjdahadan bizdə niyə yoxdur?”
...o şeylər ki, bizdə gizli baş verir, onlarda bir qayda olaraq aşkarda olur.
Digərlərinin də, xüsusən hakimiyyət təmsilçilərinin və hakimiyyətə yaxın adamların keçirdiyi hissləri görməmək olmur. Onlar ölkədəki sərt avtoritar siyasi sistemə, onun yasaqlarına şükr edirlər. Nə yaxşı bütün bunlar çox uzaqlarda, okeanın o biri tərəfində baş verir. Bununla da kifayətlənmir, ABŞ-ı və Qərb ölkələrini ittiham edirlər ki, onlar öz insanları bir tərəfə, başqa xalqları da “pozur”lar.
Fəqət, burada başqa bir filmdən məqam yada düşür. “Dərviş Parisi partladır” filmində avropalılarla müsəlmanları müqayisə edən Hatəmxan ağa deyir ki, onların arasında bircə fərq var: o şeylər ki, bizdə gizli baş verir, onlarda bir qayda olaraq aşkarda olur...
QƏRBİN “OPPONENT”LƏRİ
Əslində Azərbaycanda ABŞ-dan və Qərbdən gileylər yeni bir şey deyil. Ölkədəki avtoritar siyasi sistem sərtləşdikcə, yasaqlar artdıqca bu giley də artır: avtoritar Azərbaycanın siyasətçiləri və məmurları ABŞ-a və Qərbə qarşı daha çox “opponentlik” etməyə başlayırlar.
Buna da bax: Bir daha brend xəstəliyi barədə
Belə “opponentlik” bəzən gülünc səviyyəyə çatır. Bir də görürsən ki, Azərbaycanda Qərb ölkələrindəki demokratiyanın və insan haqlarının “vəziyyəti” ilə bağlı silsilə verilişlər, filmlər hazırlanır. Təbii ki, heç bir yer, heç nə və heç kim ideal deyil, hər yerdə hansısa bir qüsur, pozuntu tapmaq mümkündür. Amma Azərbaycanın Qərbə qarşı “opponent”liyi adamda acı bir ironiya doğurur, çünki belə şeylər bir vaxt SSRİ-də olurdu, indi isə İran ya da Şimali Koreya kimi ölkələrdə baş verir.
NİYƏ ORADA GÖRÜRLƏR, AMMA BURADA YOX?
Gileylərin bir səbəbi də var. Bu da Qarabağ problemilə bağlıdır. Amma maraqlıdır ki, Azərbaycan eyni iradları Qarabağ problemini yaradan və onu bu günə qədər həll etməyə imkan verməyən Rusiyaya qarşı bildirmir, onu qınamır. Dəfələrlə yazmışıq ki, Qərb ölkələrini, eləcə də ABŞ-ı Qarabağ probleminə etinasızqlıqda qınamaq olar, amma onların suçu heç vaxt Qarabağın işğalının arxasında dayanan Rusiyanınkı qədər ola bilməz.
...ölkədə “İsgəndər” raketlərinin yaratdığı narahatlıq dalğası səngimir. Raketlər Rusiyanın idi və onu Yerevanda da Rusiya nümayiş etdirirdi. Fəqət, qınanan yenə də ABŞ və Qərbdir...
Kimə deyirsən!? Budur, ölkədə “İsgəndər” raketlərinin yaratdığı narahatlıq dalğası səngimir. Raketlər Rusiyanın idi və onu Yerevanda da Rusiya nümayiş etdirirdi. Fəqət, qınanan yenə də ABŞ və Qərbdir...
“İrad”lar bundan ibarətdir ki, Rusiya qoşunları Baltikyanı ölkələrlə sərhəddə azacıq hərəkət edən kimi Avropa az qala biri-birinə dəyir, amma burada bu cür qorxulu raket sistemi nümayiş etdirilir, fəqət, hamı susur.
Bəli, həqiqətən də bir vaxt “İsgəndər”lər Kalininqradda nümayiş etdirilərkən Avropada böyük narahatlıq yaşanmışdı. Amma burada da bəzi nünanslar var...
Birincisi, Baltikyanı ölkələr digər keçmiş sovet ölkələrilə müqayisədə həmişə ABŞ-ın və Avropanın siyasətində daha üstün mövqe tutub. Bunu deməklə yeni “kəşf” etmirik.
İkincisi, bu ölkələr NATO üzvləridir, yəni Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir, onlara qarşı hər hansı təhdid Avropaya və ABŞ-a qarşı təhdid deməkdir. Azərbaycana gəldikdə isə, onun siyasətçiləri və məmurları NATO-nun adını çəkməyə də qorxurlar ki, birdən Rusiyada qıcıq yaradar.
Deyirlər ki, Rusiya dostumuz və ən yaxın strateji müttəfiqimizdir... Belə olan halda Qərb nə etməlidir? Deməlidir ki, Rusiya öz dostu Azərbaycanı təhdid edir?
Üçüncüsü, sənə qarşı hər hansı təhdid varsa, birinci özün bununla bağlı həyəcan qaldırmalısan. Baltikyanı ölkələr gizlətmirlər ki, özlərinə qarşı ən böyük təhdidi Rusiya tərəfdən gözləyirlər. NATO sammitlərində onlar daim Rusiya təhlükəsini gündəmə gətirirlər.
Amma Azərbaycanda nə edirlər? Deyirlər ki, Rusiya dostumuz və ən yaxın strateji müttəfiqimizdir. Azərbaycanın siyasi elitası Rusiyanın hakimiyyətilə münasibətlərinin yüksək səviyyədə olmasını daim gözə soxmağa çalışır. Belə olan halda Qərb nə etməlidir? Deməlidir ki, Rusiya öz dostu Azərbaycanı təhdid edir?
NATO rəhbərləri və strateqləri gizlətmirlər ki, Qafqaz bölgəsi Blokun həyati maraqlarına daxil olan bölgə deyil. Amma burada başqa nümunə də var – Gürcüstan nümunəsi...
Sonuncunu da hələ NATO öz maraq sferasına daxil etməyə tələsmir, amma Gürcüstan daim buna cəhd edir.
Ona görə də Qərbin “İsgəndər”ləri “görməməsinə” təəccüblənmək lazım deyil. Əslində hər şeyin çox sadə izahı var. Qərb bəzən bəzi detalları ona görə “görmür” ki, Azərbaycan hakimiyyəti Qərbin özünü buralarda görmək istəmir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.